Şəkər ətrafında illərdir formalaşmış çoxsaylı miflər bu gün də insanların qidalanma vərdişlərinə təsir göstərir. Mütəxəssislər isə bildirirlər ki, cəmiyyətdə yayılan bəzi fikirlər elmi faktlarla tam uyğun gəlmir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ekspertlər şəkərlə bağlı ən geniş yayılmış beş yanlış təsəvvürü açıqlayıblar.

Mütəxəssislərin sözlərinə görə, “şəkər diş çürüməsinin əsas səbəbidir” fikri tam doğru hesab edilmir. Bildirilir ki, diş minasına zərər verən yalnız şəkər deyil, digər karbohidratlar da çürümə riskini artıra bilər. Eyni zamanda məhsulun yapışqanlığı və ağız gigiyenası da mühüm rol oynayır.

Digər geniş yayılmış fikir isə şəkərin asılılıq yaratması ilə bağlıdır. Araşdırmalar göstərir ki, alimlər hələlik şəkərin narkotik maddələr kimi asılılıq yaratdığını təsdiqləyən ciddi sübut aşkar etməyiblər. Həmçinin onun birbaşa qida davranışı pozuntularına səbəb olması da elmi şəkildə təsdiqlənməyib.

Ekspertlər qeyd edirlər ki, şəkər təkbaşına artıq çəkinin əsas səbəbi sayılmır. Onların fikrincə, əsas problem gün ərzində qəbul edilən ümumi kalorinin normanı aşmasıdır. Şirniyyatların yüksək kalorili olması çəki artımına təsir edə bilər, lakin məsələ yalnız şəkərlə məhdudlaşmır.

Mütəxəssislər şəkərlə diabet arasında bağlılıq barədə də açıqlama veriblər. Bildirilir ki, diabetin yaranmasında əsas risk faktorları fiziki aktivliyin azlığı, artıq çəki və daxili orqanlar ətrafında piylənmədir. Həkimlər şəkərin həddindən artıq qəbulunun dolayı təsir göstərə biləcəyini, lakin birbaşa səbəb hesab olunmadığını vurğulayırlar.

Araşdırmalara görə, “şəkər xərçəng hüceyrələrini qidalandırır” fikri də tam doğru deyil. Alimlər bildirirlər ki, xərçəng hüceyrələri qlükozadan istifadə etsə də, orqanizm onu müxtəlif yollarla əldə edə bilir. Bununla yanaşı, həddindən artıq şəkər qəbulu piylənmə riskini artırdığı üçün dolayısı ilə bəzi xəstəliklərin yaranmasına zəmin yarada bilər.

Ekspertlər balanslı qidalanmanın və şəkər qəbulunda ölçüyə riayət etməyin sağlam həyat tərzi üçün əsas şərtlərdən biri olduğunu bildirirlər.