Qısa vaxtda hazırlanan doğranmış kotlet həm dadlı, həm də praktik yeməklərdən hesab olunur. Mütəxəssislər bildirirlər ki, bəzi əlavə ərzaqlar kotletin dadını daha fərqli və faydalı edə bilər.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, resept üçün əvvəlcə iki ədəd toyuq sinəsi kiçik kub formasında doğranılır. Daha sonra üzərinə bir yumurta, bir xörək qaşığı qarğıdalı nişastası, yulaf lopası və 50 millilitr kefir əlavə edilərək qarışdırılır.

Reseptin əsas fərqi isə ispanaq və kətan toxumundan istifadə olunmasıdır. Mütəxəssislərin sözlərinə görə, ispanağın faydaları çoxlarına məlum olsa da, kətan toxumunun kotletə əlavə edilməsi bir qədər qeyri-adi görünə bilər. Halbuki bu məhsul faydalı yağ turşuları ilə zəngindir və orqanizm üçün olduqca yararlıdır.

Bildirilib ki, iki toyuq sinəsi üçün 50 qram ispanaq və bir xörək qaşığı kətan toxumu kifayət edir. Bütün ərzaqlar yaxşı qarışdırıldıqdan sonra kotlet forması verilir.

Daha sonra kotletlər əvvəlcədən yağ əlavə olunaraq qızdırılmış tavada bişirilir.