Kakao son illərdə sağlam həyat tərzi tərəfdarlarının ən çox üstünlük verdiyi məhsullardan birinə çevrilib. Mütəxəssislər hesab edir ki, düzgün formada istifadə olunan kakao həm ürəyi qoruyur, həm də orqanizmin daha gec qocalmasına kömək edir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, britaniyalı dietoloq və nevroloq Emi Rayxelt kakaonun xüsusilə yaşlanma əleyhinə təsiri ilə diqqət çəkdiyini bildirib. Onun sözlərinə görə, məhsulun faydası əsasən hansı formada qəbul edilməsindən asılıdır.

Mütəxəssis qeyd edib ki, ən faydalı seçim təbii kakao tozu və yüksək kakao tərkibli tünd şokoladdır. Şəkərli şirniyyatlar və hazır şokoladlı içkilər isə eyni effekti vermir. Tünd şokoladda şəkərin az olması faydalı flavonoidlərin qorunmasına imkan yaradır.

Həkimin sözlərinə görə, flavonoidlər hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur. Bu maddələr orqanizmdə oksidləşdirici stressin azalmasına kömək edir ki, bu da vaxtından əvvəl qocalma və bir sıra xəstəliklərin riskini aşağı sala bilər.

Araşdırmalar göstərir ki, kakaonun tərkibində triptofan, tirozin və feniletilamin kimi maddələr də mövcuddur. Bu komponentlər sinir sisteminin fəaliyyətini dəstəkləyir, əhvalı yaxşılaşdırır və insanın özünü daha enerjili hiss etməsinə kömək edir.

Emi Rayxelt bildirib ki, kakao düzgün miqdarda qəbul edildikdə həm beyin fəaliyyətinə, həm də ürək-damar sisteminə müsbət təsir göstərə bilər. Buna görə də keyfiyyətli tünd şokolad və təbii kakao gündəlik qidalanmada faydalı seçim hesab olunur.