Şirin batonlar və müslilər sağlam qəlyanaltı kimi tanınsa da, bəzi insanlar üçün ciddi risk yarada bilər. Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, bu barədə endokrinoloq və dietoloq Anton Polyakov açıqlama verib.

Mütəxəssis bildirir ki, bu tip məhsullar xüsusilə şəkərli diabet, piylənmə və insulinə davamlılıq problemi olan şəxslər üçün uyğun deyil. Tərkibində yüksək şəkər və sürətli karbohidratlar olduğuna görə onlar qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər və vəziyyəti daha da ağırlaşdıra bilər.

Həkim həmçinin allergiyaya meylli insanların da bu məhsullardan uzaq durmasını tövsiyə edir. Xüsusilə protein batonlarında tez-tez istifadə olunan soya kimi komponentlər güclü allergen hesab olunur və həssas şəxslərdə xoşagəlməz reaksiyalar yarada bilər.

Mütəxəssislər vurğulayır ki, sağlam qidalanma üçün məhsul seçərkən tərkibə diqqət yetirmək, şəkər miqdarını nəzarətdə saxlamaq və fərdi sağlamlıq vəziyyətini nəzərə almaq vacibdir.