Gündə yalnız bir dəfə yemək vərdişi orqanizmdə ciddi problemlərə səbəb ola bilər. Foodinfo.az РИА Новости agentliyinə istinadla xəbər verir ki, bu barədə Uzaq Şərq Federal Universitetinin mütəxəssisi Yekaterina Kim xəbərdarlıq edib.

Mütəxəssis bildirir ki, bir çox insanlar sürətli arıqlamaq məqsədilə qidalanmanı kəskin şəkildə məhdudlaşdırır və gün ərzində yalnız bir dəfə yemək yeyirlər. Lakin bu yanaşma orqanizm üçün stress yaradır və nəticədə maddələr mübadiləsi yavaşlayır. Bu zaman bədən qəbul etdiyi kaloriləri daha çox yağ şəklində toplamağa başlayır ki, bu da əks effekt verərək arıqlama prosesini çətinləşdirir.

Ekspertin sözlərinə görə, belə sərt məhdudiyyətlər biokimyəvi dəyişikliklərə və sistem pozuntularına səbəb ola bilər. Orqanizmdə zəif olan sahə daha tez zərər görür və bu da müxtəlif sağlamlıq problemlərinin yaranmasına gətirib çıxarır.

Mütəxəssislər sağlam və effektiv arıqlama üçün tədricən qidalanma vərdişlərini dəyişməyi, balanslı menyu qurmağı və uzunmüddətli nəticələrə fokuslanmağı tövsiyə edirlər. Gündə bir dəfə qidalanma isə norma hesab edilmir və sağlam həyat tərzi üçün uyğun seçim deyil.