Yeni elmi araşdırmalar göstərir ki, gündəlik qidalanmada az istifadə edilən bəzi tərəvəzlər orqanizm üçün gözlənilməz dərəcədə faydalı təsir göstərə bilər. Onlardan biri də qırmızı kələmdir.

Foodinfo.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatçılar qırmızı kələmin bağırsaq mikroflorasına və immun sisteminə təsirini araşdırıblar. Mütəxəssislərin fikrincə, bu tərəvəz bağırsaqda faydalı bakteriyaların çoxalmasını stimullaşdırır və mikrobiotanın tərkibini müsbət şəkildə dəyişir.

Araşdırmanın nəticələrini şərh edən endokrinoloq Zuhra Pavlova bildirib ki, qırmızı kələmdən hazırlanan təbii şirə bağırsaq baryerini gücləndirə bilər. Bu isə toksinlərin və zərərli mikroorqanizmlərin qana keçməsinin qarşısını almağa kömək edir. Eyni zamanda immun sisteminin T-hüceyrələrinin aktivləşməsi də müşahidə olunur.

Alimlər qeyd edirlər ki, qırmızı kələm üzərində aparılan təcrübələr hələ əsasən laboratoriya heyvanları üzərində həyata keçirilib, lakin nəticələr insan orqanizmi üçün də ümidverici hesab olunur. Xüsusilə bağırsaq iltihabları, o cümlədən xoralı kolit və Kron xəstəliyi kimi problemlərdə müsbət təsir ehtimalı araşdırılır.

Qırmızı kələm həm də antioksidantlarla zəngindir və düzgün bişirildikdə orqanizmin müdafiə sistemini dəstəkləyə bilər. Mütəxəssislər onu həm təzə şirə, həm də bişmiş formada qida rasionuna daxil etməyi tövsiyə edirlər.

Araşdırma nəticələri qidalanmanın sadə dəyişikliklərlə belə immun sisteminə təsir edə biləcəyini bir daha göstərir.