Yaş artdıqca qidalanma ilə bağlı vərdişlərin dəyişdirilməsi tez-tez müzakirə mövzusuna çevrilir və bir çox insan 60 yaşdan sonra ətdən imtinanı daha sağlam seçim hesab edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu addım hər zaman düzgün nəticə vermir və əksinə, orqanizm üçün ciddi problemlər yarada bilər. Foodinfo.az aif.ru saytına istinadla xəbər verir ki, fizioloq və nutrisioloq Nina Duvanova 60 yaşdan sonra ətin rasiondan tam çıxarılmasının riskləri barədə danışıb.
Mütəxəssisin sözlərinə görə, bu yaş dövründə həzm sistemi həqiqətən daha həssas olur, mədə turşuluğu azalır, fermentlərin fəaliyyəti zəifləyir və bağırsaq mikroflorası dəyişir. Nəticədə, əvvəl asan həzm olunan ət məhsulları bəzi insanlarda ağırlıq hissi, narahatlıq və hətta bağırsaqlarda xoşagəlməz proseslərə səbəb ola bilər. Lakin bu hallar ətin tamamilə rasiondan çıxarılması üçün əsas sayılmamalıdır, çünki problem çox vaxt düzgün bişirmə üsulu və ya porsiya ilə bağlı olur.
Ekspert vurğulayır ki, 60 yaşdan sonra orqanizmin zülala ehtiyacı daha da artır və bu maddənin çatışmazlığı sarkopeniya adlanan ciddi vəziyyətə gətirib çıxara bilər. Bu zaman əzələ kütləsi tədricən azalır, onun yerini piy toxuması tutur və nəticədə insanın fiziki aktivliyi zəifləyir, gündəlik həyat keyfiyyəti aşağı düşür. Mütəxəssis qeyd edir ki, bədən çəkisinin normal qalması belə aldadıcı ola bilər, çünki əzələlərin azalması fonunda qarın nahiyəsində piy yığılması arta bilər. Buna görə də, yaşlı insanlar qidalanmada balansı qoruyaraq zülal mənbələrini, o cümlədən keyfiyyətli ət məhsullarını tamamilə rasiondan çıxarmamalıdırlar.






