Gündəlik qidalanmada məhsulların düzgün seçilməsi ilə yanaşı, onların bir-biri ilə uyğunluğu da orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bəzi qida kombinasiyaları ilk baxışda zərərsiz görünsə də, həzm sisteminə ciddi yük yarada və müxtəlif narahatlıqlara səbəb ola bilər. Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, mütəxəssislər bir sıra məşhur qida birləşmələrinin sağlamlıq üçün arzuolunmaz nəticələr doğura biləcəyini bildirirlər.

Məsələn, banan və süd birlikdə qəbul edildikdə ağır həzm olunur və bu kombinasiya bəzi hallarda allergik reaksiyalara və yorğunluğa səbəb ola bilər. Eyni şəkildə, pendir və paxlalıların birlikdə qəbulu həzm prosesini ləngidir və qarında köp, diskomfort yaradır. Qazlı içkilərlə birlikdə fast food məhsullarının istehlakı isə həzm fermentlərinin fəaliyyətini zəiflədir və mədə problemlərinə yol aça bilər.

Həmçinin, qatıq və meyvələrin birlikdə qəbulu bəzi hallarda fermentasiya proseslərini gücləndirərək narahatlıq yarada bilər. Yüksək zülallı qidaların, məsələn, yumurta və ətin birlikdə yeyilməsi isə həzm müddətini uzadır və mədə-bağırsaq sistemində ağırlıq hissi yaradır. Mütəxəssislər bildirirlər ki, düzgün qida kombinasiyası seçimi yalnız rahat həzm üçün deyil, həm də ümumi sağlamlığın qorunması üçün vacib şərtdir.