Yaz aylarında meşələrdə göbələk toplamaq geniş yayılmış vərdiş olsa da, bu dövrdə xüsusilə təhlükəli növlərin artdığı bildirilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi göbələklər zahirən təhlükəsiz görünsə də, ciddi zəhərlənmələrə və hətta ölüm hallarına səbəb ola bilər. Foodinfo.az “Abzas” nəşrinə istinadla xəbər verir ki, mikoloq Maksim Dyakov yaz mövsümündə ən təhlükəli göbələklərdən biri barədə danışıb.

Onun sözlərinə görə, hazırda ən riskli növlərdən biri “строчок” kimi tanınan göbələkdir. Bu göbələk güclü zəhərli maddə – hermetrin ehtiva edir və onun təsiri son dərəcə ağır olur. Mütəxəssis qeyd edir ki, müəyyən emal üsulları ilə zəhərin bir hissəsi azaldılsa da, tam şəkildə aradan qalxmır və bu səbəbdən həmin göbələyin istifadəsi tövsiyə olunmur. Zəhərlənmə hallarında sinir sistemi və daxili orqanlara ciddi zərər dəyə bilər.

Ən böyük problemlərdən biri isə bu göbələyin yeməli hesab olunan digər növlərlə asanlıqla qarışdırılmasıdır. Xüsusilə “сморчок” ilə oxşarlıq tez-tez yanlış seçimə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu iki növün əsas fərqi papağının formasındadır: yeməli növdə daha konusvari, zəhərli növdə isə qeyri-bərabər, beyinə bənzər quruluş müşahidə olunur. Bu səbəbdən, göbələk yığmağa gedən şəxslərə əvvəlcədən məlumatlanmaq və şübhəli nümunələri qətiyyən toplamaqdan çəkinmək tövsiyə edilir.