Son illərdə ürək-damar xəstəliklərinin artması insanları qidalanma vərdişlərinə daha çox diqqət yetirməyə vadar edir. Mütəxəssislər hesab edirlər ki, gündəlik rasionda yer alan bəzi meyvələr ürəyin fəaliyyətinə müsbət təsir göstərə bilər. Onlardan biri də gavalıdır.

Foodinfo.az Medical News Today saytına istinadla xəbər verir ki, gavalının tərkibində olan polifenollar və antioksidantlar damarların elastikliyinin qorunmasına kömək edə bilər. ABŞ-lı dietoloq Lauren Manaker bildirib ki, xüsusilə tünd rəngli gavalılar ürək-damar sisteminin qorunması baxımından diqqətəlayiq məhsullardandır.

Ekspert qeyd edir ki, gavalı kaliumla zəngindir. Kalium orqanizmdə natrium balansının tənzimlənməsində mühüm rol oynayır. Bu isə qan təzyiqinin sabit saxlanmasına kömək edir. Yüksək qan təzyiqi ürək xəstəliklərinin əsas risk faktorlarından biri hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, səhər saatlarında qəbul edilən gavalı həzm sisteminin fəaliyyətini də aktivləşdirir. Meyvədə olan həll olunan liflər xolesterinin səviyyəsinin azalmasına yardım edə bilər. Bundan başqa, liflər uzun müddət toxluq hissi yaradır.

Lauren Manaker bildirir ki, quru gavalı da faydalı hesab olunur. Lakin onun miqdarı nəzarətdə saxlanmalıdır. Çünki quru meyvələrdə şəkər konsentrasiyası daha yüksək olur. Buna baxmayaraq, ölçülü istifadə zamanı quru gavalı da ürək sağlamlığına müsbət təsir göstərə bilər.

Araşdırmalar göstərir ki, müntəzəm meyvə istehlakı iltihabi proseslərin azalmasına kömək edir. Bu isə damar divarlarının zədələnməsi riskini azalda bilər. Həkimlər balanslı qidalanmanın ürək sağlamlığının əsas şərtlərindən biri olduğunu vurğulayırlar.