Artıq çəkinin səbəbləri çoxşaxəlidir və hər zaman bunu birbaşa hormonal problemlərlə əlaqələndirmək düzgün hesab olunmur. Bununla belə, bəzi hallarda bədən çəkisinin səbəbsiz və sürətli artımı ciddi endokrin pozuntuların siqnalı ola bilər. Foodinfo.az “Çempionat” portalına istinadla xəbər verir ki, endokrinoloq Nataliya Tananakina artıq çəkinin hər zaman hormonal problem demək olmadığını, lakin müəyyən əlamətlər olduqda diqqətli yanaşmanın vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, əgər insanın qidalanma rejimi və fiziki aktivliyi dəyişmədiyi halda bədən çəkisi artırsa, bu, xüsusilə qalxanabənzər vəzin funksiyasının zəifləməsi – hipotiroidizm ilə əlaqəli ola bilər. Belə hallarda çəki artımı ilə yanaşı, ödem, dərinin quruluğu, soyuğa qarşı həssaslıq və qəbizlik kimi simptomlar da müşahidə olunur ki, bu da hormonal müayinənin aparılmasını zəruri edir.
Mütəxəssis qeyd edir ki, bu cür simptomlar müalicə olunmadıqda aylarla, hətta illərlə davam edə və tədricən ağırlaşa bilər. Qalxanabənzər vəz xəstəliklərinin mövsümi xarakter daşımadığını bildirən həkim əlavə edib ki, yaz aylarında bu problemlər daha çox nəzərə çarpa bilər, lakin onlar birdən-birə yaranmır və öz-özünə aradan qalxmır. Bu səbəbdən səbəbsiz çəki artımı müşahidə olunduqda vaxtında həkimə müraciət etmək vacib hesab olunur.






