Yumurta yüksək qida dəyərinə malik məhsul olsa da, onun düzgün istifadə olunmaması sağlamlıq üçün ciddi risklər yarada bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə gigiyena və bişirmə qaydalarına əməl edilmədikdə təhlükə daha da artır. Foodinfo.az Rusiya mətbuatına istinadla xəbər verir ki, həkim Aleksandr Umnov yumurtanın əsas təhlükəsi ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, yumurta ilə bağlı ən böyük risk salmonella bakteriyası ilə yoluxmadır. Bu bakteriya ciddi qida zəhərlənməsinə səbəb ola bilər və xüsusilə zəif immunitetli insanlar üçün daha təhlükəlidir. Mütəxəssis vurğulayır ki, bu riski minimuma endirmək üçün yumurtalar ən azı 5 dəqiqə qaynadılmalı və çiy və ya yarımçıq bişmiş formada istehlakdan çəkinilməlidir.

Ekspert həmçinin yumurtadakı xolesterinlə bağlı yayılmış fikirlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, son araşdırmalar göstərir ki, qida vasitəsilə qəbul edilən xolesterin qanda xolesterin səviyyəsinə əvvəl düşünüldüyü qədər güclü təsir etmir. Bununla belə, ürək-damar xəstəlikləri olan şəxslərə və yüksək xolesterin problemi yaşayanlara yumurta sarısının qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.