Karbohidratlardan imtina üzərində qurulan ketopəhriz sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Foodinfo.az xəbər verir ki, bu barədə nutrisioloq Yuliya Xlopova açıqlama verib.
Onun sözlərinə görə, bu pəhriz zamanı orqanizm ketoz vəziyyətinə keçir və enerji mənbəyi kimi yağlardan istifadə etməyə başlayır. Lakin bu proses qaraciyər və böyrəklərə əlavə yük salır, elektrolitlərin itirilməsinə səbəb olur. Eyni zamanda, bəzi insanlarda “pis xolesterin” kimi tanınan LDL səviyyəsi əhəmiyyətli dərəcədə arta bilər ki, bu da ürək-damar sistemi üçün risk yaradır.
Mütəxəssis qeyd edir ki, ketopəhriz bağırsaq sağlamlığına da mənfi təsir göstərə bilər. Lif qəbulunun azalması nəticəsində bağırsaq mikrobiotasının tərkibi dəyişir, faydalı qısa zəncirli yağ turşularının istehsalı azalır. Bu isə bağırsağın qoruyucu funksiyasının zəifləməsi və iltihabi proseslərin artması ilə əlaqələndirilir.
Bundan əlavə, ketopəhrizin uzunmüddətli effekt vermədiyi vurğulanır. Karbohidratlar yenidən qidaya daxil edildikdə, itirilmiş çəki və su bədəndə tezliklə geri qayıda bilər. Bu səbəbdən mütəxəssislər balanslı və davamlı qidalanma modelinə üstünlük verməyi tövsiyə edirlər.






