Kabab mövsümünün başlaması ilə yanaşı, onun düzgün istifadəsi də ön plana çıxır. Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux kababla birlikdə bəzi məhsulların qəbulunun sağlamlıq üçün riskli ola biləcəyini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, sağlam bir yetkin insan üçün bir dəfəyə 150–200 qram bişmiş ət kifayət edir, gün ərzində isə bu miqdar 300–400 qramı keçməməlidir. Kababla birlikdə kartof və ağ çörək kimi qidalar yeməyin kaloriliyini əhəmiyyətli dərəcədə artırır və xüsusilə artıq çəkisi olan insanlar üçün əlavə risk yaradır. Daha sağlam seçim kimi sobada qabığı ilə bişmiş kartof və tam taxıllı çörək tövsiyə olunur.

Göbələklər də ehtiyatla istehlak edilməlidir – porsiya olaraq 5–6 kiçik və ya 2–3 iri ədəd kifayət sayılır. Onların çox yağda qızardılması məsləhət görülmür. Həmçinin kababı şirin qazlı içkilər və spirtlə birlikdə qəbul etmək qaraciyər və mədəaltı vəzi üçün əlavə yük yaradır. Alternativ olaraq bitki çayı və ya şəkərsiz mors daha uyğun hesab olunur.

Bundan əlavə, kababın üzərindəki yanmış hissələrin kəsilib atılması vacibdir, çünki bu sahələrdə kanserogen maddələr toplanır. Mayonez və acı souslar da məhdud miqdarda istifadə edilməlidir – onlar həzm sisteminə yük salaraq mədə yanması və digər problemlərə səbəb ola bilər. Xüsusilə mədəaltı vəzi və öd kisəsi problemləri olan şəxslər yağlı ət qəbul edərkən daha diqqətli olmalıdırlar, çünki bu, pankreatit və xolesistit kimi xəstəliklərin kəskinləşməsinə gətirib çıxara bilər.