Sarıkök faydalı xüsusiyyətləri ilə məşhur olsa da, onun hər kəs üçün təhlükəsiz olmadığı ortaya çıxıb. Mütəxəssislər bildirir ki, bu ədviyyat düzgün istifadə olunmadıqda sağlamlıq üçün müəyyən risklər yarada bilər. Foodinfo.az Eat This, Not That! nəşrinə istinadla xəbər verir ki, sarıkökün tərkibində bəzi hallarda zərərli maddələr, o cümlədən ağır metallar ola bilər və bu səbəbdən keyfiyyətsiz məhsullardan uzaq durmaq vacibdir.
Qidalanma üzrə mütəxəssislərin sözlərinə görə, sarıkökün gündəlik qəbul norması təxminən 1 çay qaşığı, yəni 4-5 qram civarındadır. Bu həddin aşılması ürəkbulanma və mədə narahatlığı kimi problemlərə səbəb ola bilər. Xüsusilə böyrək daşı riski olan şəxslər bu ədviyyatdan ehtiyatla istifadə etməlidir, çünki onun tərkibindəki oksalatlar vəziyyəti ağırlaşdıra bilər.
Bundan əlavə, sarıkök bəzi insan qrupları üçün ümumiyyətlə tövsiyə edilmir. Belə ki, 6 yaşdan kiçik uşaqlar, aşağı təzyiqdən əziyyət çəkənlər, hamilə və süd verən qadınlar, həmçinin öd və sidik yollarında daş problemi olan şəxslər bu ədviyyatdan uzaq durmalıdır. Qan durulaşdırıcı dərman qəbul edənlər və əməliyyata hazırlaşan şəxslər üçün də sarıkök riskli hesab olunur.
Mütəxəssislər qeyd edir ki, bütün bu məhdudiyyətlərə baxmayaraq, sarıkök düzgün və ölçülü istifadə edildikdə iltihab əleyhinə təsir göstərir, həzmi yaxşılaşdırır və orqanizmi antioksidantlarla təmin edir. Onun təsirini artırmaq üçün isə qara istiotla birlikdə istifadə edilməsi tövsiyə olunur.






