Limon soyuqdəymə mövsümündə ən çox istifadə olunan meyvələrdən biri hesab olunur. Mütəxəssislər onun immunitetin güclənməsinə və orqanizmin qorunmasına kömək etdiyini bildirirlər.

Foodinfo.az URA.RU saytına istinadla xəbər verir ki, bu barədə dietoloq, tibb üzrə fəlsəfə doktoru Darya Rusakova məlumat verib.

Həkimin sözlərinə görə, limonun tərkibində C vitamini, B qrupu vitaminləri, karotin, lif, pektin, flavonoidlər və üzvi turşular var. Bu maddələr immuniteti dəstəkləyir, iltihab əleyhinə təsir göstərir və həzmi yaxşılaşdırır.

Mütəxəssis bildirib ki, limon həmçinin dəri və saç sağlamlığı üçün də faydalıdır. Onun sözlərinə görə, 100 qram limonda cəmi 28 kilokalori var və bu səbəbdən pəhriz saxlayan insanlar tez-tez limonlu sudan istifadə edirlər.

Dietoloq qeyd edib ki, limonun tərkibindəki pektin toxluq hissini daha uzun müddət saxlamağa kömək etdiyi üçün iştahanı azalda bilər.

Bununla yanaşı, limonun hər kəs üçün uyğun olmadığı da vurğulanıb. Həkim mədə və onikibarmaq bağırsaq yarası olan şəxslərə limonlu sudan ehtiyatla istifadə etməyi tövsiyə edib.