Uşaqların yeni yeməkləri dadmaqdan imtina etməsi bir çox valideynin qarşılaşdığı hallardan biridir. Mütəxəssislər bildirirlər ki, bu davranış əksər hallarda normal inkişaf mərhələsi hesab olunur.

Foodinfo.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, bu barədə endokrinoloq Anastasiya Fateyeva məlumat verib.

Həkimin sözlərinə görə, “qida neofobiyası” adlanan bu vəziyyət insanlarda qədim dövrlərdən formalaşmış qoruyucu mexanizmlə əlaqəlidir. İnsanlar tanımadıqları qidalardan zəhərlənməmək üçün ehtiyat edirdilər və bu instinkt uşaqlarda da müşahidə oluna bilər.

Mütəxəssis bildirib ki, bu hal daha çox 2-6 yaş arası uşaqlarda rast gəlinir və adətən 11 yaşa qədər tədricən aradan qalxır. Qeyd olunub ki, valideynlərin təxminən yarısı bu problemlə bağlı mütəxəssislərə müraciət edir.

Həkim vurğulayıb ki, əgər uşaqda qida çatışmazlığı yaranırsa, yeni yeməyə qarşı həddindən artıq kəskin reaksiya müşahidə olunursa və ya bu vəziyyət 6 aydan çox davam edirsə, mütləq həkimə müraciət edilməlidir.

Ekspertin sözlərinə görə, problemin həlli üçün yeni qidalar uşağa tədricən, sakit və dəstəkləyici mühitdə təqdim olunmalıdır.