D vitamini çatışmazlığı bir çox hallarda özünü adi yorğunluq və halsızlıq kimi göstərə bilər. Həkimlər bildirirlər ki, bəzi əlamətlərə vaxtında diqqət yetirmək vacibdir.

Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, “Gemotest” laboratoriyasının eksperti Olqa Ulankina gecə vaxtı yaranan qıcolmaların D vitamini çatışmazlığının əlaməti ola biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, D vitamini yalnız kalsium mübadiləsində iştirak etmir, eyni zamanda sümüklərin və əzələlərin vəziyyətinə, sinir sisteminin fəaliyyətinə, immunitetə və ümumi sağlamlığa təsir göstərir.

Ekspert qeyd edib ki, bu vitaminin çatışmazlığı zamanı ən çox müşahidə olunan əlamətlərdən biri davamlı yorğunluq hissidir. Bununla yanaşı, insanlarda əhvalın pisləşməsi, motivasiya azalması və emosional gərginlik də yarana bilər.

Olqa Ulankina bildirib ki, əzələ zəifliyi və ayaqlarda xoşagəlməz dartınma hissi də D vitamini çatışmazlığının göstəricilərindən sayılır. Onun sözlərinə görə, xüsusilə gecə saatlarında yaranan qıcolmalar diqqətdən kənarda qalmamalıdır.

Həkim əlavə edib ki, yuxululuq, diqqət toplamaqda çətinlik, iş qabiliyyətinin azalması da bu problemin əlamətləri arasında yer alır. Xarici görünüşlə bağlı əlamətlər sırasında isə dırnaqların kövrəkləşməsi, saç tökülməsi və yaraların gec sağalması qeyd olunur.

Mütəxəssislər belə hallarda özbaşına vitamin qəbul etmək əvəzinə həkim məsləhəti almağın və lazım gəldikdə analizlərdən keçməyin vacibliyini vurğulayırlar.