Bir çox insan bütün məhsulları soyuducuda saxlamağın daha təhlükəsiz olduğunu düşünür. Lakin bəzi qidalar aşağı temperaturda öz dadını və keyfiyyətini itirə bilər.

Foodinfo.az “Real Simple” saytına istinadla xəbər verir ki, pomidor, kartof, soğan və banan kimi məhsulların soyuducuda saxlanılması tövsiyə edilmir. Bildirilir ki, aşağı temperatur onların strukturuna və dadına mənfi təsir göstərə bilər.

Amerikalı kulinariya mütəxəssisi Jessica Gavin qeyd edib ki, pomidor soyuducuda saxlanıldıqda təbii ətrini və şirinliyini itirir. Kartof isə soyuq temperaturda daha tez şəkərləşə bilər.

Mütəxəssislər bu məhsulların quru və sərin mühitdə saxlanılmasının daha düzgün olduğunu bildirirlər. Soğanın isə hava keçən yerdə qorunması məsləhət görülür.

Araşdırmalara əsasən, düzgün saxlama qaydaları məhsulların həm dadını, həm də faydalı xüsusiyyətlərini daha uzun müddət qorumağa imkan verir.