Laktoza dözümsüzlüyü səbəbindən süd məhsullarından uzaq duran insanların sayı artır. Düzgün qurulmayan laktozasız pəhriz sümük sağlamlığı üçün risk yarada bilər.
Foodinfo.az xəbər verir ki, süd və süd məhsulları kalsium və D vitamini baxımından zəngin mənbə hesab olunur. Bu maddələr sümüklərin möhkəmliyi və inkişafı üçün vacib rol oynayır. Süd məhsullarının tamamilə rasiondan çıxarılması isə zamanla sümük zəifliyi və osteoporoz riskini artıra bilər.
Laktoza dözümsüzlüyü olan şəxslər alternativ mənbələrdən istifadə etməlidirlər. Laktozasız süd, qatıq və pendir məhsulları həm həzm problemlərini azaltmağa, həm də orqanizmin kalsium ehtiyacını ödəməyə kömək edir.
Bundan əlavə, badam, ispanaq, brokoli, küncüt və balıq kimi qidalar da sümük sağlamlığını dəstəkləyən vacib minerallarla zəngindir.
Günəş işığından kifayət qədər faydalanmağın və fiziki aktivliyin də sümük sağlamlığı üçün mühüm olduğu vurğulanır. Xüsusilə uşaqlar, yeniyetmələr və menopauza dövründə olan qadınların gündəlik kalsium qəbuluna diqqət etməsi tövsiyə olunur.
Laktozasız pəhriz düzgün planlaşdırıldıqda həm həzm rahatlığı təmin edir, həm də sümük sağlamlığını qorumağa kömək edir.






