Dil səthində yaranan qeyri-adi dəyişikliklər bəzən insanları narahat edə bilər. Bu dəyişikliklərdən biri də “coğrafi dil” adlanan vəziyyətdir. Foodinfo.az Sports.kz və “Doktor Piter”ə istinadla xəbər verir ki, terapevt Oksana Serebryakovanın sözlərinə görə, bu hal tibbdə desquamativ qlossit kimi tanınır və dilin selikli qişasının xoşxassəli iltihabi vəziyyətidir.
Həkimin izahına əsasən, “coğrafi dil” zamanı dilin səthində epitelin soyulması ilə yaranan ocaqlar meydana çıxır və bu görünüş xəritəni xatırladır. Vəziyyət təhlükəli hesab olunmur və adətən ciddi fəsadlara yol açmır. Mütəxəssis bildirir ki, xəstəliyin yaranmasına genetik meyillilik, B qrupu vitaminlərinin və sinkin çatışmazlığı, immun sistemində problemlər, autoimmun xəstəliklər və müxtəlif allergiyalar səbəb ola bilər.
Qeyd olunur ki, atopik dermatit və ya psoriazı olan uşaqlarda və yeniyetmələrdə “coğrafi dil” daha tez-tez müşahidə edilir. Belə hallarda vəziyyət adətən dalğavari xarakter daşıyır və dövri olaraq özünü göstərə bilər.






