Son illərdə sürətli çəki itkisi vəd edən arıqlama çayları geniş yayılıb. Sosial mediada tez-tez reklam olunan bu məhsullar haqqında mütəxəssislər ehtiyatlı olmağa çağırırlar.
Foodinfo.az xəbər verir ki, arıqlama çaylarının əksəriyyəti birbaşa yağ yandırmır. Bu məhsullar əsasən bədəndən mayenin xaric olunmasına və qısa müddətli iştaha azalmasına təsir göstərir. Nəticədə itirilən çəki çox vaxt müvəqqəti olur.
Sağlam və qalıcı arıqlama üçün əsas amillər balanslı qidalanma, fiziki aktivlik və düzgün həyat tərzidir. Mütəxəssislər “möcüzəvi nəticə” vəd edən məhsullara kor-koranə inanmağın düzgün olmadığını vurğulayırlar.
Bəzi arıqlama çaylarının tərkibində sağlamlıq üçün risk yarada biləcək maddələr olur. Xüsusilə nəzarətsiz istifadə ürək döyüntüsünün artması, təzyiq dəyişiklikləri, həzm problemləri və vitamin-mineral çatışmazlığına səbəb ola bilər.
Uzunmüddətli və sərt arıqlama proqramlarının orqanizmə zərər verə biləcəyi qeyd edilir. Sağlam çəki itkisi yavaş və davamlı şəkildə baş verməlidir.
Arıqlamaq istəyən şəxslərə hər hansı məhsuldan istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək tövsiyə edilir.






