Əksər insanlar qarpız yeyərkən onun ağ hissəsini tullayırlar. Lakin mütəxəssislər bildirirlər ki, həmin hissədə də orqanizm üçün faydalı maddələr mövcuddur. Araşdırmalara görə, qarpızın ağ təbəqəsi amin turşuları ilə zəngindir. Bu maddələr qan dövranına müsbət təsir göstərə bilər. Dietoloq Linda Harson “Eating Well” nəşrinə açıqlamasında bildirib ki, qarpızın ağ hissəsində sitrulin adlı maddə yer alır.

Foodinfo.az “Eating Well” saytına istinadla xəbər verir ki, sitrulin damarların genişlənməsinə yardım edə bilər. Mütəxəssislər bunun ürək sağlamlığı üçün faydalı olduğunu deyirlər. Eyni zamanda qarpızın bu hissəsində lif də mövcuddur. Bu isə həzm prosesini yaxşılaşdıra bilər. Həkimlər qarpızın ağ hissəsindən smuzi və salatlarda istifadə etməyi məsləhət görürlər. Onun turşuya qoyularaq hazırlanması da bəzi ölkələrdə məşhur hesab olunur.

Araşdırmalar göstərir ki, qarpız ümumilikdə yay aylarında orqanizmin susuz qalmasının qarşısını almağa kömək edir. Tərkibində suyun çox olması bədəni sərin saxlayır. Mütəxəssislər şəkər xəstələrinin qarpızı həddən artıq yeməməsini tövsiyə edirlər. Çünki meyvənin tərkibində təbii şəkər kifayət qədərdir. Həkimlər bildirirlər ki, qarpızın hər hissəsi müəyyən fayda daşıdığı üçün onu tam dəyərləndirmək lazımdır.