Qədim dövrlərin süfrəsində hansı çörəklərin olduğu uzun illər arxeoloqların və tarixçilərin maraq mövzusu olub. Foodinfo.az Sports.kz-yə istinadla xəbər verir ki, Türkiyədə aparılan araşdırmalar və həvəskar təşəbbüslər sayəsində minilliklər öncəsinin çörəkləri bu gün yenidən bişirilib və insanların mühakiməsinə təqdim olunub.

Məlumata görə, Türkiyənin mərkəzi Anadolusunda yerləşən Kulluoba adlı qədim yaşayış yerində 5000 ildən çox yaşı olan yanmış çörək tapılıb. Dairəvi formada olan və bintaxta bənzəyən bu çörəyin 3300-cü ilə aid olduğu bildirilir. Arxeoloqlar hesab edir ki, çörəyin ocaqda yanması və evin astanası altında basdırılması bolluq və ruzi arzusu ilə bağlı qədim adətin bir hissəsi ola bilər.

Tapıntı yerli idarəçiləri o qədər təsirləndirib ki, çörək yalnız muzey eksponatı olaraq saxlanılmayıb, həm də müasir şəraitdə yenidən hazırlanıb. Tədqiqatçılar çörəyin tərkibini müəyyən edərək qədim resepti mümkün qədər dəqiq bərpa ediblər. Çörəyin hazırlanmasında qədim buğda növü olan emmer buğdası, mərci dənələri və təbii şəkildə yaranmış maya bitkiləri istifadə olunub. Türkiyədə emmer buğdası artıq yetişdirilmədiyindən, ona ən yaxın növ olan Kavilca buğdasından yararlanılıb.

Hazırlanan “Kulluoba” adlı təzə çörəklərin ilk partiyası yerli çörəkxanada cəmi bir neçə saat ərzində satılıb. Mütəxəssislər bildirir ki, qədim buğda, bulqur və mərci qarışığı ilə hazırlanan bu çörək həm doyumludur, həm də aşağı qlütən tərkibli olduğundan daha yüngül həzm olunur. Bundan başqa, bu layihə quru iqlim şəraitinə daha uyğun olan taxıl növlərinin yenidən dövriyyəyə qaytarılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Qədim çörək reseptlərinin bərpası bununla bitməyib. Batman Universitetinin tədqiqatçıları Mesopotamiya mixi yazılı lövhələrində təsvir olunan, üç min il əvvəl bişirilən çörəkləri yenidən hazırlayıb. Onlar həm gündəlik istifadə üçün nəzərdə tutulmuş yastı çörəkləri, həm də ibadət mərasimlərində təqdim edilən bal ilə şirinləşdirilmiş çörəkləri qədim reseptlərə uyğun şəkildə hazırlanıb. Bu prosesdə arpa unu, bal, dəniz duzu və qızdırılmış daşlar üzərində bişirmə üsulu tətbiq edilib.

Oxşar təşəbbüslər dünyanın başqa ölkələrində də həyata keçirilir. ABŞ-da yerləşən Yel Universitetinin alimləri eyni mixi yazılar əsasında 3800 il əvvəlki yeməklərin geniş siyahısını tərtib edib. Tədqiqat nəticəsində qədim mətbəxdə quzu əti ilə hazırlanan bərk şorbalar, ədviyyəli bulyonlar və xəmir kütləsi ilə örtülmüş quş əti yeməkləri kimi müxtəlif reseptlər müəyyən edilib. Qədim mətbəxdə bəzən siçan kimi gözlənilməz məhsullara da rast gəlindiyi məlum olub.

Tədqiqatçılar bildirir ki, qədim reseptlərin dəqiq nisbətlərinin və texniki göstərişlərinin olmaması çətinlik yaradır. Buna baxmayaraq, müxtəlif sahələrdən olan mütəxəssislərin birgə işi sayəsində bir çox resept yenidən canlandırılıb. Hazırlanan yeməklərin bəziləri müasir damaq zövqü üçün bir qədər “sadə” görünsə də, bu, qədim insanların daha təbii və əlavə maddəsiz qidalara alışması ilə izah olunur.

Mütəxəssislər hesab edir ki, qədim reseptlərin yenidən canlandırılması həm tarixə işıq tutur, həm də müasir insanı təbii qidalanmaya qaytarmağın maraqlı yoludur.