İlk müşahidələr göstərir ki, saqqız çeynəmək bir çox insanın acqlıq hissini müəyyən qədər geri çəkir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu təsirin səbəbi bədənin çeynəmə prosesinə verdiyi təbii cavablarla bağlıdır.

Saqqız çeynənən zaman tüpürcək vəziləri daha çox tüpürcək ifraz edir, mədə qidanı qarşılamağa hazırlaşır, beyin isə bu siqnalları qida qəbulunun başlanması kimi qəbul edir. Bu ardıcıl reaksiyalar qısa müddətli toxluq hissi yaradır və insanın iştahasını azaldır.

Mütəxəssis Malozemov bildirib ki, məhz bu mexanizm səbəbindən saqqız çeynədikdən sonra acqlıq bir qədər zəifləyir. O qeyd edib ki, xüsusilə nanə və darçın dadlı saqqızlar iştahanı daha yaxşı boğur, çünki həm təravət verir, həm də qida arzusunu bir qədər zəiflədir.

Bu üsul bəzi insanlara ara yeməyini gecikdirməyə və əsas yeməyə qədər dözməyə kömək edə bilər. Lakin mütəxəssis xəbərdarlıq edir ki, saqqızı uzun müddət çeynəmək sağlamlıq üçün zərərli ola bilər.

Onun sözlərinə görə, davamlı çeynəmə mədə turşuluğunu artırır, ağırlıq hissi yaradır və acqarına saqqız çeynəmək daha böyük narahatlıqlara gətirib çıxara bilər. Uzun vaxt ərzində bu vərdiş qastrit və hətta yara xəstəliyinə yol aça bilər.

Ekspert əlavə edib ki, saqqız yalnız müvəqqəti çıxış yoludur və heç vaxt əsas yeməyi əvəz etmir. İnsanların arıqlamaq məqsədi ilə saqqıza güvənməsi isə risklidir, çünki bu, sağlamlıq problemlərinə səbəb ola bilər.