Qış aylarında gün işığının azalması bir çox insanın səhərlər yataqdan qalxmasını çətinləşdirir. Foodinfo.az bildirir ki, Pirogov adına Universitetin Klinik Tibb İnstitutunun tibb elmləri doktoru, professor Vera Larina bu problemin öhdəsindən gəlmək üçün sadə, amma təsirli məsləhət verib.
Mütəxəssis xatırladıb ki, qışda gün işığının qısalması insanın bioloji saatına — yuxu-oyanıqlıq ritmlərinə birbaşa təsir edir. Bu dəyişiklik melatoninin — yuxunu tənzimləyən hormonun — daha erkən və daha çox sintez olunmasına səbəb olur. Nəticədə, səhərlər artmış yorğunluq və oyanmaqda çətinlik yaranır.
Professor Larina bildirib ki, məhz belə vaxtlarda insanlar adətən yuxu rejimlərini dəyişmək istəyirlər, lakin bu, vəziyyəti daha da ağırlaşdıra bilər. Onun əsas tövsiyəsi isə olduqca sadədir: oyanan kimi ətrafdakı işıq miqdarını maksimum artırmaq lazımdır.
“Yuxudan duran kimi qaranlıq otaqda qalmayın, dərhal daha işıqlı bir məkana keçin. Mümkünsə pəncərə pərdələrini və ya jalüzləri açın, evdə ən parlaq işıqları yandırın”, — deyə professor məsləhət görür.
Mütəxəssislər bildirirlər ki, işığın kəskin artırılması beynin oyanma prosesini sürətləndirir, melatoninin təsirini zəiflədir və orqanizmin gündəlik ritmə daha tez uyğunlaşmasına kömək edir.






