Çində qeyri-adi tərkibli qəhvə içkisinə maraq artıb. Foodinfo.az Oxu.az saytına istinadla xəbər verir ki, Pekin Həşərat Muzeyi ziyarətçilərə üyüdülmüş tarakan və qurudulmuş un qurdları əlavə olunmuş qəhvə təqdim etməyə başlayıb və bu içki artıq gündəlik alıcılarını tapır.

Məlumata görə, muzeydə satılan qəhvənin üzərinə əvvəlcə xırdalanmış tarakan tozu səpilir, daha sonra içkiyə qurudulmuş un qurdları qatılır. Bu içkini sınayanlar onun “yandırıcı və bir qədər turş” dada malik olduğunu bildirirlər. Muzey əməkdaşları isə hazırlanan qəhvənin sağlamlıq üçün təhlükəsiz olduğunu deyir və tərkibindəki əlavələrin qədim təbabətdə faydalı hesab edildiyini vurğulayırlar.

Qəhvəyə əlavə edilən bütün məhsullar Çin təbabətinə aid dükanlardan alınır. Orada tarakan tozunun qan dövranını gücləndirdiyi, un qurdlarının isə bədənin davamlılığını artırdığı iddia olunur. Muzey nümayəndələri bu fikirlərin elmi baxımdan təsdiqlənmədiyini qeyd etsələr də, içkinin konseptin bir hissəsi kimi təqdim edildiyini bildirirlər.

Muzeydə bu qeyri-adi içkidən hər gün ondan çox porsiya satılır. Bununla yanaşı, menyuda həşərat yeyən bitkilərin həzm şirəsindən hazırlanmış içkilər və məhdud sayda hazırlanan qarışqalı içkilər də yer alır. Bu “delikates” qəhvənin bir porsiyasının qiyməti təxminən 6 dollardır.