Yay aylarında bakteriyaların sürətlə çoxalması nəticəsində baş verən qida zəhərlənmələrindən sonra düzgün bərpa prosesi həyati əhəmiyyət daşıyır. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Yelena Xoxlova “İzvestiya”ya danışıb.

Mütəxəssis qeyd edib ki, belə hallarda ən təhlükəli fəsad orqanizmin susuzlaşmasıdır. Bu vəziyyət qusma və ishal zamanı bədənin böyük miqdarda maye itirməsi ilə bağlı yaranır və ürək, böyrəklər, beyin də daxil olmaqla bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərir.

Xoxlovanın sözlərinə görə, ilkin mərhələdə aktivləşdirilmiş kömür qəbul etmək, duzlu elektrolit məhlulları ilə maye balansını bərpa etmək və yataq rejimi saxlamaq vacibdir. Əgər vəziyyət ağırlaşarsa, mütləq həkimə müraciət edilməlidir.

İlk günlərdə qıcıqlandırıcı qidaları rasiondan çıxararaq yüngül və asan həzm olunan məhsullarla qidalanmaq tövsiyə olunur. Bərpa dövründə isə immun sistemini dəstəkləmək üçün vitamin və minerallarla zəngin qidalar menyuya daxil edilməlidir.

Dietoloq xüsusilə isti havalarda gigiyenik qaydalara əməl etməyi və açıq havada saxlanılan qidalardan uzaq durmağı da tövsiyə edib.