
Qədimdən həm ədviyyat, həm də təbii müalicə vasitəsi kimi istifadə olunan mixəyin faydaları ilə yanaşı, zərərləri də mövcuddur. Onun həddindən artıq istifadəsi bir sıra sağlamlıq problemlərinə yol aça bilər.
Foodinfo.az xəbər verir ki, çoxlu miqdarda mixək qəbul edildikdə mədə turşuluğu və qıcıqlanma yarana bilər.
Bundan əlavə, mixəyin qan durulaşdırıcı təsiri olduğundan, qan laxtalanması ilə bağlı dərman qəbul edən insanlar üçün təhlükəli hesab olunur.
Mütəxəssislər bildirir ki, bəzi insanlarda mixək allergik reaksiyalara, dəridə qaşınma və səpgilərə səbəb ola bilər.
Həmçinin uzun müddət çoxlu miqdarda istifadə edilməsi qaraciyərə mənfi təsir göstərə bilər.
Xüsusilə uşaqlarda mixək yağı və ya çox miqdarda mixək istifadəsi riskli sayılır. Diş ağrısı üçün ölçüsüz istifadə edildikdə isə ağız boşluğunda yanma və qıcıqlanma müşahidə oluna bilər.
Mixəyin faydalarından yararlanmaq üçün onu ölçülü şəkildə istifadə etmək vacibdir. Hamilələr, mədə problemi olanlar və qan durulaşdırıcı dərman qəbul edənlər daha ehtiyatlı davranmalıdır.