Çayın sağlamlığa faydaları çox olsa da, onun həddindən artıq qəbulu bədəndə dəmir çatışmazlığına yol aça bilər. Foodinfo.az xəbər verir ki, çayın tərkibindəki tanin maddələri bitki mənşəli qidalardakı dəmirin sorulmasını çətinləşdirir.

Britaniyalı dietoloq Dr. Sarah Jarvis “BBC Health”ə açıqlamasında bildirib ki, xüsusilə vegeterian pəhriz saxlayan və ət yeməyən şəxslər çayı yeməklə birlikdə qəbul etdikdə dəmir defisitinə daha çox məruz qalırlar: “Əgər çay içmək vərdişiniz varsa, ən azı yeməkdən 1 saat sonra içməyə çalışın”.

Tədqiqatlar göstərir ki, gündə 3–4 fincandan artıq çay qəbul etmək dəmirin sorulma səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu isə yorğunluq, halsızlıq və immun sisteminin zəifləməsi ilə nəticələnə bilər.

Mütəxəssislər uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün çay istehlakında daha diqqətli olmağı tövsiyə edirlər. Çay faydalı antioksidant mənbəyi olsa da, onun miqdarı balanslı saxlanılmalıdır.