
Kofeinsiz qəhvə bir çox insan tərəfindən sağlam alternativ kimi qəbul edilir. Foodinfo.az bildirir ki, bu içkinin tərkibində təbii kofein miqdarı süni üsullarla azaldılır və ya tamamilə çıxarılır. Lakin bu proses zamanı bəzi kimyəvi maddələrdən istifadə edilməsi mübahisəli məsələ kimi qalır.
Xüsusilə metilen xlorid adlı maddə bəzi markaların kofein çıxarma prosesində istifadə olunur ki, bu da sinir sisteminə təsir edə bilər. Digər üsullarda isə su və karbon filtrasiyası tətbiq edilir ki, bu zaman qəhvənin orijinal dadı zəifləyə bilər. Araşdırmalara görə, kofeinsiz qəhvənin antioksidant səviyyəsi adi qəhvəyə nisbətən bir qədər aşağıdır.
Bu isə ürək-damar sistemi üçün olan faydaların azalmasına səbəb ola bilər. Eyni zamanda, bəzi kofeinsiz qəhvələrdə akrilamid adlı zərərli bir maddənin miqdarı daha yüksək ola bilər. Akrilamid sinir sisteminə zərər vura biləcək potensial kimyəvi maddə kimi tanınır.
Sağlamlıq baxımından tam təhlükəsiz sayılmasa da, kofeinsiz qəhvə yüksək təzyiq və yuxusuzluqdan əziyyət çəkənlər üçün alternativ ola bilər. Lakin istehlakçıların seçdikləri markaların istehsal texnologiyalarına diqqət etməsi vacibdir. Nəticə etibarilə, kofeinsiz qəhvə sağlamlıq üçün tam zərərsiz deyil və seçərkən tərkibə xüsusi diqqət yetirilməlidir.