
Dietoloq, psixoloq və uşaq qidalanması üzrə mütəxəssis Yelena Romanova emosional aclığın insan davranışına təsirlərindən danışıb. Foodinfo.az xəbər verir ki, o, Gazeta.Ru-ya açıqlamasında emosional aclığın adətən stress fonunda qəfil yarandığını və bunun çox zaman fiziki aclıqla səhv salındığını bildirib.
Mütəxəssisin sözlərinə görə, fiziki aclıq tədricən artır, mədədə gurultu və zəiflik hissi ilə müşayiət olunur. Halbuki emosional aclıq birdən-birə yaranır və insan ac olmadığını bilsə də, “dadlı bir şey yemək” istəyir. Bu hal, əsasən, mənfi emosiyaları yeməklə kompensasiya etməyə yönəlmiş davranış nümunəsidir.
Romanova qeyd edib ki, kifayət qədər yuxu, düzgün qidalanma rejimi və stressin idarə olunması bu problemi aradan qaldırmağa kömək edir. Onun fikrincə, emosional aclıqla mübarizə üçün alternativ fəaliyyət növləri də seçilə bilər.
Məsələn, insan çətin emosional anlarda əvvəlcədən müəyyən etdiyi rahatlaşdırıcı fəaliyyətə – musiqiyə qulaq asmaq, dərin nəfəs almaq və ya fiziki hərəkətlərə üstünlük verməklə bu aclıq hissini idarə edə bilər. Romanova hesab edir ki, əsas məsələ aclıqla emosional ehtiyac arasında fərqi ayırd edə bilməkdir.