
Qara qarağat tərkibindəki zəngin C vitamini ilə tanınır. Foodinfo.az bildirir ki, hər nə qədər qızdırılma zamanı askorbin turşusu bir qədər parçalansa da, qarağat mürəbbəsi bu vitamin baxımından yenə də ən güclü mənbələrdən biri hesab olunur. Eyni zamanda, mürəbbə hazırlanan zaman lif və minerallar olduğu kimi qalır.
Qara qarağat mürəbbəsində E, B1, B2 və B5 vitaminləri, kalium, maqnezium, dəmir, kalsium və fosfor kimi sağlamlıq üçün vacib maddələr yer alır. Xüsusilə B qrupu və E vitamini istiliyə davamlı olduğu üçün bişirmə prosesində itmir.
Mütəxəssislər mürəbbənin daha faydalı qalması üçün giləmeyvəni artıq qaynar suya əlavə etməyi və bişirmə müddətini mümkün qədər qısa tutmağı tövsiyə edirlər. Bu, mürəbbədə maksimum vitaminin qorunmasına kömək edir.
Qış aylarında bu mürəbbə immuniteti gücləndirir, soyuqdəyməyə qarşı orqanizmi qoruyur və vitamin ehtiyatını artırır. Qarağat mürəbbəsi həmçinin qan damarlarını möhkəmləndirir, sidikqovucu təsir göstərir və qan azlığı, hipertoniya kimi vəziyyətlərdə faydalı ola bilər.
Lakin bu zərif məhsul hər kəs üçün uyğun deyil. Şəkərli diabet, piylənmə və beş yaşdan kiçik uşaqlar üçün tövsiyə edilmir. Mədə turşuluğu yüksək olan, xora, qastrit, pankreatit və ya xolesistitdən əziyyət çəkən şəxslər bu mürəbbədən uzaq durmalıdırlar.
Zəif qan laxtalanması, hepatit və ya fərdi allergiya riski olan şəxslər üçün də qara qarağat mürəbbəsi kontrendikedir. Əgər bu hallardan biri sizə aiddirsə, mürəbbəni istehlak etmədən əvvəl həkimlə məsləhətləşmək vacibdir.