Zeytunun uzun müddət təzə və təhlükəsiz qalması üçün bir neçə əsas qaydaya əməl etmək lazımdır. Zeytunların düzgün saxlanmaması küfün yaranmasına, dad və keyfiyyətin itməsinə səbəb olur.
Foodinfo.az xəbər verir ki, zeytunu küfdən qorumağın ən mühüm şərti onun 8–10 faiz duzluluğa malik marinədə saxlanmasıdır. Duz səviyyəsi aşağı olduqda mikrobların sürətlə çoxalması və küf əmələ gəlməsi riski artır.
Zeytunlar mütləq tam şəkildə suyun altında qalmalıdır. Bunun üçün bankaya kiçik şüşə və ya taxta ağırlıq qoymaq tövsiyə edilir. Hava ilə təmas zeytunun küflənməsini sürətləndirən əsas faktorlardan biridir.
Saxlama qabının seçimi də böyük rol oynayır. Ən ideal variantın şüşə və ya emallı qablar olduğu, plastik qabların isə qoxu saxladığı və mikrobların çoxalmasına şərait yaratdığı vurğulanır.
Marinənin üzərinə tökülən nazik zeytun yağı qatı da küfün yaranmasının qarşısını alan sadə üsullardan biridir.
Zeytunların +4–10°C temperaturda, yəni soyuducuda və ya sərin yerdə saxlanması tövsiyə olunur. Bundan əlavə, hər açılışda yalnız təmiz və quru qaşıqdan istifadə etmək lazımdır ki, marinəyə xarici bakteriyalar düşməsin.
Duzlu suya az miqdarda sirkə əlavə etmək mühitin turşuluğunu artırır və küf riskini minimuma endirir.
Zeytunda küf aşkar edilərsə, onu təmizləyib istifadə etmək olmaz – bu halda bütün qabın utilizasiya edilməsi ən təhlükəsiz addımdır.






