Təbii gözəllik vasitələrinə marağın artması fonunda düyü suyunun dəriyə faydaları yenidən gündəmə gəlib. Sadə və qənaətcil olan bu məhsul dərini qoruyur, sakitləşdirir və onun daha parlaq görünməsinə yardım edir.

Foodinfo.az xəbər verir ki, düyü suyunun iltihabəleyhinə xüsusiyyətləri dəridə yaranan qızartı və qıcıqlanmanı azaldır, xüsusilə həssas dəri tipinə sahib şəxslər üçün effektiv nəticə verir. 

Tərkibindəki niasinamid isə dəri tonunu bərabərləşdirərək piqment ləkələrinin açılmasına kömək edir.

Düyü suyu sızanaqlarla mübarizədə də güclü təsirə malikdir. Onun antibakterial xüsusiyyətləri dəridə sızanaq yaradan bakteriyaların çoxalmasını əngəlləyir və yağ tarazlığını tənzimləyir.

Həmçinin düyü suyu dərini nəmləndirir və elastikliyini artırır.

Tərkibindəki antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək qırışların yaranmasının qarşısını alır və dərinin daha gənc görünməsinə şərait yaradır.

Dəri həkimlərinin sözlərinə görə, soyudulmuş düyü suyu günəş yanıqlarını sakitləşdirməkdə də təsirlidir və yanma hissini azaldır.

Düyü suyu toner kimi istifadə oluna, üzü durulamaq üçün tətbiq edilə və ya xüsusi maskalar hazırlamaq üçün digər təbii vasitələrlə qarışdırıla bilər.

Düyü suyunun geniş təsir dairəsi onu ən əlçatan və təsirli təbii dəri qulluq vasitələrindən birinə çevirir.