Melatonin beynin epifiz vəzində istehsal olunan və bədənin bioloji saatını idarə edən əsas hormonlardan biridir.
Foodinfo.az xəbər verir ki, melatonin səviyyəsi qaranlıq düşdükdə artır, işıqda isə azalır. Bu mexanizm orqanizmə “gecə vaxtıdır” siqnalı göndərərək yuxuya getmə prosesini başladır. Məhz buna görə də gecə işığı, ekranlardan yayılan mavi şüa və qeyri-nizami həyat tərzi melatonin istehsalını zəiflədərək yuxu pozuntularına səbəb olur.
Melatonin yalnız yuxu ritmini tənzimləmir, həm də güclü antioksidant təsir göstərərək hüceyrələri zədələnmədən qoruyur.
Eyni zamanda stressin azaldılmasında və jet lag — uzun məsafəli uçuşlardan sonra bioloji ritmin tənzimlənməsində də mühüm rol oynayır.
Son illərdə melatonin əlavələrinə artan marağa toxunan mütəxəssislər xəbərdarlıq edirlər ki, bu preparatlar yalnız qısa müddətlik istifadə üçün uyğundur. Xroniki xəstəlikləri olanlara, hamilələrə və hormon dərmanı qəbul edənlərə əlavəni həkim məsləhəti olmadan qəbul etmək tövsiyə olunmur.
Düzgün tənzimlənməyən melatonin səviyyəsi həm yuxu keyfiyyətinə, həm də ümumi sağlamlığa ciddi təsir göstərir.






