Son dövrlərdə alternativ təbabətə marağın artması ilə avokado yarpağı da yenidən gündəmə gəlib. Ənənəvi tibbdə müxtəlif məqsədlərlə istifadə edilən bu yarpağın sağlamlığa təsiri ilə bağlı araşdırmalar davam edir.

Foodinfo.az xəbər verir ki, avokado yarpağı iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Xalq arasında oynaq ağrılarının azalması, bədəndəki şişkinliyin (ödemin) aradan qaldırılması və həzm sisteminin rahatlaması üçün istifadə edilir.

Araşdırmalar göstərir ki, avokado yarpağında olan flavonoid və fenolik birləşmələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur. 

Bundan əlavə, yarpaqdan hazırlanan çayın sidikqovucu təsirə malik olduğu, bu səbəbdən də bədəndə artıq mayenin atılmasına kömək etdiyi bildirilir.

Bəzi mənbələr avokado yarpağının qan təzyiqinin tənzimlənməsində faydalı ola biləcəyini iddia etsə də, həkimlər bu təsirin elmi cəhətdən tam sübut olunmadığını vurğulayırlar. Avokado yarpağı hər kəs üçün uyğun olmaya bilər. Hamilə və süd verən qadınlar, eləcə də xroniki xəstəlikləri olan şəxslər bu bitkini istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Həddindən artıq istifadə isə əks təsirlərə səbəb ola bilər.

Avokado yarpağı sağlamlıq üçün müəyyən faydalar vəd etsə də, onun istifadəsi ehtiyatla və ölçülü şəkildə aparılmalıdır.