Kartof gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biri olsa da, onun hazırlanma üsulu sağlamlığa təsirini ciddi şəkildə dəyişir. Mütəxəssislər bildirirlər ki, düzgün bişirilmədikdə bu tərəvəz mədə-bağırsaq sisteminə əlavə yük yarada bilər. Foodinfo.az Sports.kz-ə istinadla xəbər verir ki, qastroenteroloq və nutrisoloq Yekaterina Titova kartofun hansı formada daha faydalı, hansı halda isə zərərli olduğunu izah edib.
Həkimin sözlərinə görə, kartofun ən faydalı bişirilmə üsulları qaynadılma, sobada bişirmə və buxarda hazırlanmadır. Xüsusilə yaxşı yuyulmuş qabığı ilə bişirilən kartof kaliumu, C vitaminini və bağırsaq mikroflorasını dəstəkləyən davamlı nişastanı daha yaxşı qoruyur. Bu cür kartof mədənin selikli qişasını qıcıqlandırmır və qanda şəkərin səviyyəsinin kəskin qalxmasına səbəb olmur.
Mütəxəssis kartof püresi və pörtlədilmiş kartofu şərti olaraq qəbul edilə bilən variantlar sırasına aid edib. Onun sözlərinə görə, püre su ilə və az miqdarda bitki yağı əlavə olunaraq hazırlanarsa, daha sağlam seçim sayılır. Lakin çoxlu kərə yağı, süd və ya marqarin qatıldıqda yeməyin kaloriliyi artır və mədəaltı vəzi üçün əlavə yük yaranır.
Eyni yanaşma pörtlədilmiş kartofa da aiddir. Tərəvəzlə birlikdə bişirilən kartof daha yüngül hesab olunur, yağlı ət sousları ilə hazırlanan variantlar isə həzmi çətinləşdirir.
Qastroenteroloq ən zərərli kartof yeməkləri sırasında qızardılmış kartofu, draniki və kartof kökələrini göstərib. Bu yeməklər hazırlanarkən kartof yağı çox miqdarda hopdurur və zərərli maddələr əmələ gəlir. Bu isə qaraciyər, öd kisəsi və mədəaltı vəzi üçün risk yaradır.
Mütləq şəkildə uzaq durulmalı məhsullar isə kartof fri və çipslərdir. Bu məhsullar dəfələrlə qızdırılan yağda hazırlanır, çoxlu duz və zərərli yağlar ehtiva edir və təkcə həzm sisteminə deyil, ürək-damar və hormon sisteminə də mənfi təsir göstərir.
Həkim vurğulayıb ki, qastrit, pankreatit, xolesistit və artıq çəki problemi olan şəxslər üçün qızardılmış kartof tövsiyə edilmir. Xəstəliklərin kəskin dövründə isə yalnız yağsız qaynadılmış kartof və ya suda hazırlanmış püre məqbul hesab olunur.






