Son illərdə aparılan araşdırmalar göstərir ki, qidalanma təkcə nə yediyimizlə deyil, həm də necə yediyimizlə bağlıdır. Mütəxəssislər bildirirlər ki, yeməyi daha yavaş və diqqətlə qəbul etmək orqanizmin qidaya reaksiyasını dəyişə və sağlamlığa müsbət təsir göstərə bilər.
Foodinfo.az Science Daily saytına istinadla xəbər verir ki, Yaponiyanın Vaseda Universitetinin qidalanma üzrə tədqiqatçısı professor Hiroyuki Koyamanın sözlərinə görə, yeməyi yavaş-yavaş çeynəmək beynin toxluq siqnallarını daha tez qəbul etməsinə kömək edir. Bu isə insanın ehtiyacından artıq qida qəbul etməsinin qarşısını ala bilər.
Mütəxəssis qeyd edir ki, yeməyin daha uzun müddətdə qəbul edilməsi həzm prosesinə də müsbət təsir göstərir. Qida ağız boşluğunda daha yaxşı xırdalanır və həzm sistemi üçün daha rahat mənimsənilən formaya düşür.
Tədqiqatçılar bildirirlər ki, yemək zamanı tələsməmək, hər tikəni yaxşı çeynəmək və yeməyə diqqət yetirmək sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edə bilər. Bu sadə yanaşma bir çox insan üçün qidalanma balansını qorumaqda faydalı üsullardan biri hesab olunur.






