Balıq insan sağlamlığı üçün ən faydalı qida məhsullarından biri hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, yanlış istilik emalı bu məhsulun faydasını xeyli azalda bilər.

Foodinfo.az Championat.com saytına istinadla xəbər verir ki, brend-şef Denis Dikun balığın qida dəyərini qorumaq üçün ən yaxşı üsulun buxarda bişirmə olduğunu bildirib. Onun sözlərinə görə, təxminən 100°C temperaturda və yağ istifadə etmədən bişirilən balıqda omeqa-3 yağ turşularının böyük hissəsi saxlanılır.

Ekspert qeyd edib ki, bu üsulla yağsız balıq növlərində omeqa-3 maddələrinin təxminən 55–60 faizi, orta yağlı balıqlarda isə 40–55 faizi qorunur. Folqada və ya qapaq altında sobada bişirmə də nisbətən yumşaq üsul hesab olunur, lakin buxarda bişirmə ilə müqayisədə omeqa-3 maddələrinin daha az hissəsi saxlanılır.

Şef əlavə edib ki, qaynatma və pörtlətmə də balığın hazırlanması üçün münasib üsullardandır. Bu zaman bəzi vitaminlər və mikroelementlər bulyona keçə bilər, lakin omeqa-3 yağ turşuları əsasən məhsulun özündə qalır. Buna görə də belə bulyonları şorba və ya sousların hazırlanmasında istifadə etmək tövsiyə olunur.

Mütəxəssis qızartmanın isə daha az faydalı olduğunu bildirib. Onun sözlərinə görə, yüksək temperatur bir sıra faydalı maddələri məhv edə bilər. Əgər balığı qızartmaq lazım gələrsə, bunu qısa müddətdə və orta temperaturda, tüstülənmə temperaturu yüksək olan yağlardan istifadə etməklə etmək daha məqsədəuyğundur.