Suşi və rollar zahirən yüngül görünsə də, əslində onların kalorisi sürətli qidalarla rəqabət apara bilər. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda bir porsiya yüksək kalorili rollun enerji dəyəri 800 kilokaloriyə çata bilir.

Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, həkim-dietoloq Darya Rusakova xüsusilə “Filadelfiya” tipli rolların daha kalorili olduğunu bildirib. Onun sözlərinə görə, bu növ rolların tərkibində qaymaqlı pendir və bəzən mayonez yer alır ki, bu da ümumi enerji dəyərini xeyli artırır.

Mütəxəssis əlavə edib ki, ağ yapışqan düyünün qlisemik indeksi yüksəkdir. Rollar xəmirə batırılaraq qızardıldıqda isə yağ hopması səbəbindən kalori miqdarı daha da artır. Rusakova qeyd edib ki, kiçik ölçülü olduqları üçün suşi və rollardan çox yemək asanlaşır və insan fərqinə varmadan yüksək kalori qəbul etmiş olur.

Digər dietoloq Sofiya Kovanova isə tərkibində fruktoza, şərbətlər və hidrogenləşdirilmiş yağlar olan konfetlərdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, belə məhsullar nə diabeti, nə də artıq çəkisi olmayan insanlara fayda verir və qidaların tərkibi nə qədər sadə və təmiz olarsa, sağlamlığa təsiri bir o qədər aydın və təhlükəsiz olar.