Səhər yeməyində düzgün seçim etmək gün boyu enerji və sağlamlıq üçün vacibdir. Həkim-hepatoloq və qastroenteroloq, tibb üzrə fəlsəfə doktoru Sergey Vyalov səhər üçün ən uyğun sendviç variantlarını açıqlayıb.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssis ənənəvi kolbasalı çörək əvəzinə daha balanslı və qidalı tərkibə üstünlük verməyi tövsiyə edir. Onun sözlərinə görə, faydalı sendviç mütləq zülal, göyərti və tərəvəzlərdən ibarət olmalıdır. Ən optimal seçimlərdən biri toyuq filesi, pomidor və avokado birləşməsidir. Pomidor antioksidantlarla zəngindir, toyuq orqanizm üçün vacib olan zülal mənbəyidir, avokado isə xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edir.

Digər sağlam variant isə çörək üzərində ton balığı, manqo və avokado birləşməsidir. Ton balığı zülal və omeqa-3 yağ turşuları ilə zəngindir, manqo A vitamini və antioksidant mənbəyidir, avokado isə kalium və E vitamini ilə ürək-damar sisteminə müsbət təsir göstərir.

Mütəxəssis qeyd edir ki, bəzən səhər yeməyində daha yağlı qidalara da yer vermək mümkündür. Yağlar öd kisəsinin fəaliyyətini aktivləşdirərək həzm prosesinə dəstək verir. Lakin rasionda ciddi dəyişiklik etməzdən əvvəl və hər hansı sağlamlıq problemi olduqda həkimlə məsləhətləşmək tövsiyə olunur.