Qanda şəkərin yüksəlməsi hər zaman şirniyyata meyl ilə bağlı olmur. Bəzən insan şirin qidalardan uzaq dursa belə, göstəricilər yüksək qala bilər. Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, endokrinoloq Eşkin Muradov qanda şəkərin artmasına səbəb olan gizli amilləri sadalayıb.
Onun sözlərinə görə, xroniki stress əsas səbəblərdən biridir. Güclü emosional gərginlik zamanı orqanizmdə ifraz olunan hormonlar qaraciyəri toplanmış qlükozanı qana buraxmağa sövq edir və nəticədə şəkər səviyyəsi acqarına belə yüksək qala bilər. Hərəkətsiz həyat tərzi də mühüm rol oynayır, çünki əzələlər qlükozanı kifayət qədər mənimsəyə bilmir. Mütəxəssis bildirib ki, ağ çörək, müxtəlif çörək məmulatları və yarımfabrikat məhsullarda olan sürətli karbohidratlar da kəskin artıma səbəb ola bilər.
Həkim əlavə edib ki, qaraciyərin piylənməsi, sirroz və digər xəstəliklər, həmçinin qalxanabənzər vəz və böyrəküstü vəzilərin pozuntuları şəkərin tənzimlənməsinə mənfi təsir göstərir. Bəzi dərman vasitələri də qanda şəkəri yüksəldə bilər. Bundan başqa, bağırsaq mühitinin vəziyyəti də maddələr mübadiləsinə təsir edərək qlükoza səviyyəsinin artmasına şərait yarada bilər.






