Alimlər qara gavalının qadın sağlamlığı üçün mühüm faydasını üzə çıxarıblar. Araşdırmaya əsasən, bu məhsulun müntəzəm qəbulu menopauza dövründə olan qadınlarda sümük kütləsinin azalmasını ləngidə bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, tədqiqat ABŞ-ın Pennsylvania State University alimləri tərəfindən aparılıb və nəticələri The Journal of Nutrition jurnalında dərc olunub. Araşdırma 12 ay davam edib və 55–75 yaş aralığında 180-dən çox qadını əhatə edib. İştirakçılar üç qrupa bölünüb: iki qrup gündəlik 50–100 qram qara gavalı qəbul edib, üçüncü qrup isə nəzarət qrupu kimi iştirak edib.
Eksperimentin nəticələri göstərib ki, qurudulmuş gavalının müntəzəm istifadəsi orqanizmdə iltihabı artıran molekulların səviyyəsini azaldır. Mütəxəssislər bu təsiri məhsulun zəngin vitamin və mineral tərkibi ilə əlaqələndirirlər. Qara gavalı xüsusilə menopauza dövründə sümük sağlamlığının qorunması üçün faydalı qida kimi qiymətləndirilir.






