Sağlam qidalanma zamanı şirniyyatdan tam imtina etmək həmişə mümkün olmur. Mütəxəssislər bildirirlər ki, bəzi desertlər digər şirniyyatlarla müqayisədə orqanizm üçün daha yüngül hesab olunur və düzgün seçildikdə pəhriz zamanı da qəbul edilə bilər.
Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, dietoloq və nutrisioloq Sofiya Kovanovanın sözlərinə görə, zefir və pastila konfetlərə nisbətən daha uyğun alternativ sayılır. O qeyd edib ki, bu şirniyyatların əsas üstünlüyü onların tərkibində yağın olmamasıdır və buna görə də orqanizm tərəfindən daha asan mənimsənilir.
Mütəxəssis bildirib ki, klassik zefirin tərkibi əsasən alma püresi, yumurta ağı, şəkər və təbii qatılaşdırıcılardan – pektin və ya aqardan ibarət olur. Bu maddələr isə həzm prosesinə müsbət təsir göstərə bilər.
Fitnes məşqçisi Sergey Litovçenko isə qeyd edib ki, məşqdən təxminən yarım saat əvvəl bir neçə zefir yemək bədəni sürətli enerji ilə təmin edə bilər. Bu isə məşq zamanı yorğunluğun azalmasına və fiziki fəaliyyətin daha effektiv olmasına kömək edir.






