Gündəlik həyatımızda adi hesab etdiyimiz bəzi gigiyena vərdişləri əslində sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislər bildirirlər ki, bu cür davranışlar dərinin qoruyucu mexanizmlərini zəiflədə və müxtəlif mikroorqanizmlərin yayılmasına səbəb ola bilər.

Foodinfo.az News.ru saytına istinadla xəbər verir ki, nevroloq və pediatr Dmitri Malıx insanların tez-tez etdiyi bəzi gigiyena səhvləri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, məsələn, burunda eşələnmək selikli qişada xırda çatların yaranmasına səbəb olur və bu da bakteriyaların orqanizmə daxil olmasını asanlaşdırır, həmçinin burun qanaxması riskini artırır.

Həkim qeyd edib ki, qulaqları pambıq çubuqlarla təmizləmək də təhlükəli ola bilər. Bu zaman qulaq kiri daha dərinə itələnə və tıxac yarada bilər. Bundan başqa, öskürərkən və ya asqırarkən ağzı əl ilə örtmək mikrobların əşyalara yayılmasına gətirib çıxarır. Bu halda salfetdən istifadə etmək və ya dirsəyi ağıza yaxın tutmaq daha düzgün sayılır.

Mütəxəssis həmçinin çox isti su və aqressiv duş vasitələrinin dərinin qoruyucu qatını zədələdiyini, antiseptiklərin isə tez-tez istifadəsi zamanı dərini qurudaraq onun mikrobiomuna mənfi təsir göstərdiyini bildirib. Həkimin sözlərinə görə, sadə sabunla əlləri ən azı 20 saniyə yumaq mikroblardan qorunmaq üçün kifayət edir.

Bundan əlavə, çirkli əllərlə üzə toxunmaq, dırnaq yemək və başqalarına məxsus şəxsi gigiyena vasitələrindən istifadə etmək də infeksiya riskini artırır. Həkim diş fırçasının hər iki-üç aydan bir, xüsusilə də xəstəlikdən sonra yenilənməsini tövsiyə edib.