Son illərdə sağlam qidalanma ilə maraqlanan insanların rasionunda Kətan toxumu xüsusi yer tutmağa başlayıb. Kətan toxumu təkcə qidalandırıcı deyil, həm də çəki nəzarətinə kömək edə bilən faydalı məhsullardan biridir.

Foodinfo.az xəbər verir ki, kətan toxumunun tərkibində yüksək miqdarda lif olur. Lif isə həzmi yavaşladaraq daha uzun müddət toxluq hissi yaradır. Bu da gün ərzində həddindən artıq yeməyin qarşısını almağa kömək edir.

Bundan əlavə, kətan toxumu omega-3 yağ turşuları və bitki mənşəli zülalla zəngindir. Bu maddələr maddələr mübadiləsini dəstəkləyir və orqanizmin enerji balansını qorumağa kömək edir. 

Kətan toxumu bağırsaq fəaliyyətini də yaxşılaşdıraraq həzm sisteminə müsbət təsir göstərir.

Lakin mütəxəssislər vurğulayırlar ki, kətan toxumu təkbaşına arıqladan “möcüzəvi qida” deyil. Çəki azaltmaq üçün balanslı qidalanma, fiziki aktivlik və düzgün həyat tərzi vacibdir. Kətan toxumu isə bu prosesdə dəstək rolunu oynaya bilər.

Gündə 1–2 çay qaşığı üyüdülmüş kətan toxumunun qatıq, salat və ya sıyıqlara əlavə edilərək qəbul edilməsi tövsiyə edilir. Həddindən artıq istifadədən isə çəkinmək məsləhət görülür.