Mövsüm dəyişikliyi dövründə xəstələnməmək üçün hava şəraitini düzgün qiymətləndirmək vacibdir. Havanın temperaturu artsa da, külək və rütubət səbəbindən hiss olunan soyuqluq fərqli ola bilər, buna görə də qalın geyimləri tez bir zamanda yüngül geyimlərlə əvəz etmək tövsiyə edilmir.

Foodinfo.az RT saytına istinadla xəbər verir ki, profilaktik tibb istiqamətinin həmsədri, “Sağlamların sağlamlığı” birliyinin baş direktoru Sergey Çudakov bildirib ki, bədənin həddindən artıq soyuması immunitetin zəifləməsinə səbəb olur. Onun sözlərinə görə, bədən temperaturunun uzun müddət fizioloji səviyyədən aşağı düşməsi orqanizm üçün ciddi stress yaradır və müdafiə sistemini zəiflədir. Bu halda hətta cüzi soyuqlama belə virus xəstəliklərinin yaranmasına şərait yarada bilər.

Mütəxəssis qeyd edib ki, soyuma nəticəsində ən çox rast gəlinən hallar yuxarı tənəffüs yollarının virus xəstəlikləri və onların fəsadlarıdır. O, profilaktika üçün əllərin tez-tez yuyulmasını, öskürən insanlarla təmasdan uzaq durmağı, kifayət qədər yuxu almağı, sağlam qidalanma və fiziki fəallığa diqqət yetirməyi tövsiyə edib. Eyni zamanda, otaqların mütəmadi havalandırılması, havanın rütubətinin qorunması, izdihamlı yerlərdə maskadan istifadə və hava şəraitinə uyğun geyinmək də vacib sayılır.

Qidalanma ilə bağlı isə Çudakov bütöv məhsullara üstünlük verilməsini məsləhət görüb. Onun fikrincə, ət, quş əti, balıq, yumurta, tərəvəz və giləmeyvə kimi təbii məhsullar orqanizmin stresə davamlılığını artırır və immun sisteminin normal fəaliyyətini dəstəkləyir.