Ayaq quruluşunda yaranan yastı pəncə problemi təkcə ayaqlarda deyil, bütün dayaq-hərəkət sistemində müxtəlif dəyişikliklərə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət vaxtında diqqətə alınarsa, onurğa və oynaqlarda yaranan bir çox problemin qarşısını almaq mümkündür.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, travmatoloq Nikolay Batsalenkonun sözlərinə görə, yastı pəncə ayaq oxunun dəyişməsinə səbəb olur və nəticədə oynaqlara düşən yük qeyri-bərabər paylanır. Bu isə xüsusilə topuq və diz oynaqlarında qığırdaq toxumasının daha tez aşınmasına gətirib çıxara bilər.
Həkim qeyd edir ki, ayağın “X formalı” vəziyyətdə yerləşməsi diz oynağının biomekanikasını dəyişdirir və zamanla diz oynağı problemlərinin yaranma riskini artırır. Bundan əlavə, yeriş zamanı bədənin kompensasiya etməsi çanaq və bel nahiyəsində əlavə gərginlik yaradır.
Mütəxəssislərin sözlərinə görə, yastı pəncə müxtəlif formalarda ola bilər. Uzununa yastı pəncə adətən ayaq tağında ağrılarla müşayiət olunur, köndələn forma barmaqlarda deformasiyalara səbəb ola bilər. Qarışıq forma isə hər iki vəziyyətin əlamətlərini özündə birləşdirir. Problemin ağırlığı isə əsasən deformasiyanın dərəcəsindən, yaşdan və yanaşı xəstəliklərin olub-olmamasından asılıdır.






