Şokoladın beyin fəaliyyətinə müsbət təsir göstərməsi barədə fikirlər tez-tez səsləndirilir. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş şokolad həqiqətən diqqətin və zehni fəaliyyətin artmasına kömək edə bilər.
Foodinfo.az Aif.ru saytına istinadla xəbər verir ki, dietoloq-nutrisioloq Sofiya Kovanova beynin aktiv işləməsi üçün yüksək kakao tərkibli şokoladın daha faydalı olduğunu bildirib. Onun sözlərinə görə, tərkibində kakao payı 70 faizdən çox olan şokoladda sinir sistemini yüngül şəkildə stimullaşdıran teobromin maddəsi mövcuddur.
Mütəxəssis qeyd edib ki, keyfiyyətli şokoladın tərkibində kakao yağı, lesitin emulsifikatoru və təbii vanilin olmalıdır. Belə məhsullarda şəkərin miqdarı daha az, faydalı maddələrin isə miqdarı daha çox olur.
Bununla belə, dietoloq şokoladın həddindən artıq istehlak edilməməsini tövsiyə edir. Onun sözlərinə görə, gündə iki-üç konfet və ya kiçik porsiya tünd şokolad yemək beynin fəaliyyətini stimullaşdırmaq üçün kifayətdir və bu miqdar həm sağlamlığa, həm də bədən çəkisinə zərər vermir.






